Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İsveçdə səfərdə olan “Əlil Qadınlar Cəmiyyəti” Ictimai Birliyinin sədri Məhluqə Qaramanlı və cəmiyyətin İH-nin sədr müavini Firuzə Babayeva 2023-cü il oktyabr ayının 20-də “SAF Azərbaycan İsveç birliyi” nin nəzdində fəaliyyət göstərən “Qarabağ məktəbi” və “Qarabağ” uşaq rəqs ansamblının üzvləri və SAF birliyinin bir neçə üzvü ilə görüşdülər. Görüşdə “SAF Azərbaycan İsveç birliyi”nin sədri Sevda xanım Dadaşova qonaqları salamlayaraq  cəmiyyət və məktəb haqqında geniş məlumat verdi. “Əlil Qadınlar Cəmiyyəti” Ictimai Birliyinin sədri Məhluqə Qaramanlı Azərbaycanımızın suverenliyinin tam bərpa edilməsi və Xankəndində  Azərbaycan bayrağının ucaldılması münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Məhluqə xanım daha sonra tədbirdə iştirak edən gənclərə xitabən Azərbaycan Xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini danışdı. Çıxış üçün söz alan Beynəlxalq Media Qurupunun İH-nin sədri rejissor Rahim Sadıqbəyli “Qarabağ məktəbi” və “Qarabağ rəqs kollektivinə” fəaliiyətləri üçün təşəkkür etdi. Görüşdə iştirak edən İsveç-Azərbaycanlı yazar Eluca xanım Atalı Bakıdan gələn qonaqlara öz kitablarını hədiyyə etdi. Tədbir musiqi ilə başa çatdı. Pianoçu Samirə xanım Səfərova gözəl ifaları ilə tədbir iştirakçılarını heyran etdi. Samirə xanımın ifasında səslənən “Azərbaycan”, “Sarı gəlin”, “Gəl qoşulaq durnalara” mahnıları böyük coşqu ilə qarşılandı.