Mingəçevirdə “Əlil Qadınlar Cəmiyəti” İB nəzdində günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzində 3 dekabr əlillər günü münasibəti ilə tədbir keçirilib.
Mingəçevir Əlil Qadınlar Cəmiyyətinin Mingəçevir şəhər şöbəsinin sədri birininci qrup gözdən əlil Adilə Cəlilova məlumat verərək bildirdi ki, mərkəzlərdə çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə onlara günərzi reabilitasiya yönümlü sosial xidmətlər göstərilir: “Uşağını təkbaşına böyüdən ailələrin sosial təhlükəli vəziyyətdə olan uşaqları, habelə aztəminatlı (sosial yardım təyin edilmiş) ailələrin uşaqları mərkəzə cəlb edilib. Hazırda burada 30-dək uşağın yarımstasionar şəraitdə təlim-tərbiyəsi, qidalanmaları, eləcə də müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır. Onların asudə vaxtının maraqlı keçməsi üçün mütəmadi olaraq ekskursiyalar, müxtəlif gəzintilər də təşkil edilir. Burada pedaqoqlar, tərbiyəçilər, sosial işçilər, psixoloqlar, musiqi müəllimi, aşpaz və digər işçilər fəaliyyət göstərir. Əvvəlcə reabilitasiya tipli 150 ailədə maarifləndirici tədbirlər həyata keçirmişik. Onlardan 50 uşaq mərkəzə cəlb olunub”.
Əlillər günü münasibətilə mərkəzə şəhərin müxtəlif sahibkar mağazaları tərəfindən yardımlar olunub. 20 əlil qadına ərzaq bağlamaları və geyim əşyaları, eləcə də 40 əlil uşağa geyim və ərzaq bağlamaları təqdim olunub.
Mərkəzin sədr müavini ikinci qrup əlil Vüsalə Qurbanova da onlara dəstək olan insanlara təşəkkür etdi və bildirdi ki, onlar bizim kimi əllilərin cəmiyyətə ineqrasiya olunmasına böyük dəstək göstərirlər.