
Dəyirmi Masa çərçivəsində yaradılmış dəstək qruplarının genişləndirilməsi, yerli səviyyədə şəbəkələşmənin gücləndirilməsi, innovativ yanaşmaların paylaşılması və resursların səfərbər olunması istiqamətində təkliflər səsləndirilib. İştirakçılar arasında səmərəli fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı perspektivlər müzakirə olunub. 38 nəfərin iştirak etdiyi tədbir, əlilliyi olan qadınların səsinin ictimai müzakirələrdə daha aydın şəkildə eşidilməsi və onların hüquqlarının cəmiyyətin diqqət mərkəzində saxlanılması baxımından mühüm platforma rolunu oynayıb.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi bu kimi tədbirlərin bölgələrdə ardıcıl və davamlı şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qurum hesab edir ki, regional səviyyədə təşkil olunan bu cür dialoq platformaları, əlilliyi olan qadın və qızların gündəlik üzləşdiyi çətinliklərin işıqlandırılması və onların hüquqlarının müdafiəsi baxımından mühüm rol oynayır. Eyni zamanda, bu tədbirlər yerli icra strukturları, sosial xidmət qurumları və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı anlayış və birgə həll yollarının formalaşdırılmasına zəmin yaradır. Cəmiyyət, əlilliyi olan qadınların sosial inteqrasiyası, diskriminasiyaya qarşı mübarizə və bərabər imkanların təmin olunması istiqamətində bütün tərəfdaş qurumları daha sıx əməkdaşlığa və praktiki dəstəyə çağırır. “Bölgələrdə bu kimi tədbirlərin keçirilməsi, əlilliyi olan qadınların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və onların hüquqlarının təmin olunması baxımından böyük önəm daşıyır. Biz bütün aidiyyəti qurumları bu prosesə daha fəal şəkildə qoşulmağa dəvət edirik,” – deyə Əlil Qadınlar Cəmiyyəti bəyan edib.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi Mətbuat Xidməti
Qazax, 29 avqust 2025-ci il




