Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.
Bildirildi ki, doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2.76 hektar ərazidə inşa olunub. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır.
Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib.
Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi isə təsadüfi deyil. Humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir.
Sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb. Qlobal bazardakı dəyişikliklərdən, tələb-təklifdən, yeni çağırışlardan doğan islahatlar belə, sosialyönümlü tədbirlərlə kompensasiya edilir. Başqa sözlə, bazar iqtisadiyyatının möhkəmlənməsi üçün kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarına xidmət edir. Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib.
Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.
Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdəki uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.