Funded by
 
DƏYİRMİ MASA – Bakı
  Bakı şəhərində “Çıraq Plaza”da “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən BMT-nin Etimad Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı, Gəncə şəhərləri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların dövlət/ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masa bir günlük tədbir formatında baş tutmuş, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı təmin edilmişdir.
Tədbirin açılışı layihə rəhbəri Məhluqə Rəhimovanın təqdim etdiyi slayd əsasında çıxışı ilə başlamışdır. O, əlilliyi olan qadınlara dəstək məqsədilə dövlət qurumlarının gördüyü işlər, mövcud problemlər və onların həlli yolları barədə ümumi məlumat vermişdir. Onun çıxışında xüsusilə, ictimai yerlərdə əlilliyi olan qadın və qızlara qarşı psixoloji və emosional zorakılığın qarşısının alınması məsələsi vurğulanmış, bu mövzu gündəmdə xüsusi yer almışdır. Layihənin son 6 ay ərzində həyata keçirdiyi fəaliyyətlər barədə hesabat təqdim olunmuş, layihə əməkdaşları da öz sahələri üzrə hesabatlarla çıxış etmişlər. Dəyirmi masa iştirakçıları dövlət qurumlarının sosial sahədə əldə etdiyi nailiyyətlər, əlilliyi olan qadın və qızlara münasibətin yaxşılaşdırılması və bu sahədə görüləcək işlər barədə fikir mübadiləsi aparmışlar. Təlimçi İradə Rizazadə, əlilliyi olan qadınlara keçirilən seminarların məzmunu, bölgələrdə aparılan işlərin nəticələri və hələ də həllini gözləyən problemlərlə bağlı təqdimat etmiş, yerli icmaların rolunu vurğulamışdır. O, həmçinin bu sahədə daha çox tədqiqatların aparılmasının zəruriliyini qeyd etmişdir.
Layihənin əməkdaşı Günel İbrahim təlimlərdə dövlət qurumlarının aktiv iştirakının müsbət nəticələrindən, monitorinq proseslərinin nəticələrindən danışmış, mətbuat xidmətinin rəhbəri Elnarə Dərziyeva isə KİV-də məlumatların yayılması və görülən işlərlə bağlı hesabatını təqdim etmiş, aktual problemləri gündəmə gətirmişdir. DTSERM ilə daha sıx əməkdaşlıq zərurəti də tədbir zamanı vurğulanmışdır.
Dəyirmi masa digər iştirakçıların çıxışları və fəal müzakirələri ilə davam etmiş, aktual məsələlərin geniş şəkildə müzakirəsinə səbəb olmuşdur.
Qadınlara qarşı zorakılığa son qoymaq məqsədilə yaradılmış BMT-nin Etimad Fondu (UN Trust Fund) qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının aradan qaldırılmasına yönəlmiş yeganə qlobal qrant mexanizmidir.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 tarixlərini əhatə edən 36 aylıq müddət ərzində icra olunur.
Dəyirmi masada 36 nəfər iştirak etmişdir.