Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə bərabər çıxış imkanlarının yaxşılaşdırılması məqsədilə Gəncə şəhərində geniş tərkibli Dəyirmi Masa təşkil olunub.

Tədbir, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) tərəfindən BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində baş tutub.

Dəyirmi Masa Gəncə Plaza-da təşkil olunub və əsas müzakirə mövzuları əlilliyi olan qız və qadınların hüquqları, psixoloji dəstək imkanları, sosial müdafiə mexanizmləri və məşğulluq perspektivləri olub. Tədbirin məqsədi bu kateqoriyadan olan şəxslərin ictimai xidmətlərə bərabər çıxışını təmin etmək, zorakılığın qarşısının alınması yollarını araşdırmaq və diskriminasiyanın aradan qaldırılmasının vacibliyini
ictimai gündəmə gətirməkdir. Görüşdə aidiyyatlı dövlət qurumunun nümayəndələri, o cümlədən yerli icra hakimiyyəti, bələdiyyələr, Ombudsman Aparatının yerli bölməsi, sosial xidmət və məşğulluq orqanları, təhsil və səhiyyə müəssisələrinin təmsilçiləri, eləcə də qeyri-hökumət təşkilatları və icma üzvləri iştirak ediblər. Tədbir zamanı yaradılmış dəstək qruplarının genişləndirilməsi, şəbəkələşmənin gücləndirilməsi və innovativ ideyaların paylaşılması istiqamətində bir sıra təşəbbüslər səsləndirilib. İştirakçılar arasında fikir mübadiləsi aparılıb və birgə əməkdaşlıq imkanları müzakirə olunub.

“Əlil Qadınlar Cəmiyyəti” ictimai birliyi bu cür platformaların bölgələrdə əlilliyi olan qadın və qızların səsinin eşidilməsi, onların hüquqlarının qorunması və sosial inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını bir daha qeyd edib.

Dəyirmi Masadada 38 nəfər iştuirak edib.

Gəncə, 27 avqust 2025-ci il