Quba rayonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə əlilliyi olan qadın və qızların hüquqlarının müdafiəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masanın təşkilində əsas məqsəd; əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılmasına istiqamətləndirilmişdir. Tədbir, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində baş tutub. Tədbirin məqsədi bu kateqoriyadan olan şəxslərə qarşı ictimai münasibətlərin dəyişdirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məişət zorakılığı hallarının qarşısının alınması və diskriminasiyaya qarşı mübarizə yollarının birgə müzakirəsi olub.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, yerli dövlət və bələdiyyə qurumlarının, məşğulluq xidməti, səhiyyə, sosial xidmət və təhsil sahələrinin təmsilçiləri, QHT-lər və icma üzvləri iştirak ediblər. Çıxışlar zamanı iştirakçılar təcrübələrini bölüşüb, dəstək qruplarının yaradılması, icmalararası şəbəkələşmənin gücləndirilməsi və sosial inteqrasiyanın təşviqi ilə bağlı təkliflər irəli sürüblər. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova bu cür tədbirlərin bölgələrdə ardıcıl şəkildə keçirilməsinin əlilliyi olan qadın və qızların hüquqlarının qorunmasına və onların cəmiyyətdə daha fəal iştirakına töhfə verdiyini vurğulayıb. Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.

The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant- making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Dəyirmi masada 35 nəfər iştirak edib.

“Əlil Qadınlar Cəmiyyəti” İBnin Mətbuat Xidməti

Quba, 22 avqust 2025-ci il