Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzində uşaqlarla bağlı QHT-lər və bir qrup əlilliyi olan şəxslə görüş keçirilib.



Görüş Agentliyin fəaliyyəti, 18 yaşınadək əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə məlumat vermək, həmçinin QHT nümayəndələrinin rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.
Agentliyin İdarə Heyəti sədrinin müavini Ramin Rzayev görüş iştirakçılarının diqqətinə çatdırıb ki, son illərdə ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub. 2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılıb.




Yaxın vaxtlarda Şəmkir rayonunda da Uşaq Reabilitasiya Mərkəzi istifadəyə veriləcək. Həmçinin Ağcabədi və Qubada Uşaq Reabilitasiya Mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Qeyd olunub ki, görülən işlər reabilitasiya mərkəzlərinin potensialının və reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 5 dəfə artmasına imkan verib.



Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan uşaqların reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq, 18 yaşınadək əlilliyi olan şəxslərin ambulator reabilitasiya xidmətlərdən davamlı istifadəsini təmin etmək məqsədi ilə ötən il “Rehabus” – reabilitasiya avtobusu fəaliyyətə başlayıb.


Layihə çərçivəsində 650-dən çox uşağa yaşadıqları yerlərdən reabilitasiya mərkəzinə aparılıb-gətirilmələri xidməti göstərilib. 18 yaşınadək əlilliyi olan şəxslər üçün həyata keçirilən ippoterapiya tədbirlərindən isə 300-dən çox uşaq faydalanıb.


Görüşdə əlilliyi olan şəxslər üçün inkluzivlik imkanlarının genişləndirilməsi, onların cəmiyyətə inteqrasiyası və reabilitasiyası ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib. Belə görüşlərin mütəmadi keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb.