Funded by

Ölkəmizin paytaxtı Bakı şəhərində və bir neçə bölgəsində əlilliyi olan qadın və qızlarla bağlı 3 illik layihənin icrasına başlanılıb və davam etdirilir. Layihənin məqsədi sosial cəhətdən həssas qruplardan, o cümlədən məcburi köçkün olan əlill qadınlar və qızlar üçün ictimai, eləcə də dövlət xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqdır. Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai/dövlət xidmətlərinə çıxışının təkmilləşdirilməsi” adlanan bu layihə BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) tərəfindən maliyyələşdirilir. Layihə çərçivəsində müəyyən mərhələlərlə əlilliyi olan qadın və qızların üzləşdiyi problemlərin ictimailəşməsi, onların cəmiyyətdə qarşılaşdıqları problemlərin öyrənilib təhlil edilməsi, bu kateqoriyadan olan şəxslərin üzlədiyi mənfi halların aradan qaldırılması üçün maarifləndirici tədbirlərin aparılması təmin ediləcək. Sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə və digər sahələrdə işləyən qurumların əməkdaşlarına müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqların öyrədilməsi layihənin əsas istiqamətlərindəndir.

Layihənin əsas icraçısı olan "Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, layihə rəhbəri Məhluqə Rəhimovanın sözlərinə görə, layihə çərçivəsində görülən işlər əlil qadınlar və qızlara qarşı ictimai yerlərdə münasibət, davranış problemlərinə və zorakılığa diqqəti cəlb edəcək və bu mənfi tendensiylarının aradan qaldırılmasında kifayət qədər rol oynayacaqdır. Müsahibimiz, cəmiyyətin bütün təbəqələri olaraq əlil qadınlara münasibətin dəyişməsinin vacib olduğunu bildirərək, bu kateqoriyalı qadın və qızlarımızla etik davranış metodlarının da öyrənmək lazım gəldiyini bildirdi. Bu baxımdan ilk növbədə əhaliyə xidmət göstərən dövlət qurumları üçün tövsiyyə xarakterli daxili qaydaların hazırlanması ilə layihə əlil qadınlara xüsusi diqqətin göstərilməsini təmin ediləcək.

Layihənin tərəfdaş təşkilatı olan "Ümid Yeri" Xeyriyyə Cəmiyyətinin sədri Nigar Mənsimli isə məhz bu layihə çərçivəsində aparılan sorğular vasitəsi ilə əlil qadın və qızlarla bağlı əsil mənzərənin üzə çıxarılacağını və mövcud vəziyyətin təhlil obyekti olacağını bildirir. Bu isə əlilliyi olan qadınlara və qızlara qarşı ictimai zorakılığın əsas səbəblərini təhlil etməyə imkan verəcək. Müsahibimiz qeyd etdi ki, bütün hallarda mövcud vəziyyətin dəyişməsi üçün cəmiyyətdə maarifləndirmənin aparılması, təlim və seminarların təşkil edilməsi nəzərdə tutulir. Əlil qadın və qızların yaşantıları, layihədən irəli gələn məqsədlərin cəmiyyətə çatdırlması üçün media və sosial platforma imkanlarından geniş istifadə ediləcək.

Layihənin icraçılarının verdiyi məlumata görə, artıq bir çox dövlət strukturları və agentlikləri ilə ilkin müzakirələr də mərhələli şəkildə aparılıb və müvafiq əməkdaşlıq memorandumları imzalanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Bakı şəhəri üzrə Təhsil İdarəsi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ofisinin Aparatı və Səhiyyə TV ilə geniş tərkibli görüşlər keçirən layihə icraçıları və ekspertləri bu qurumlarla əməkdaşlığın layihənin əsas istiqamətlərinin həyata keçirilməsinə böyük təkan verəcəyini bildiriblər. Görüşlərdə tərəflər bir daha əlilliyi olan qadın və qızlarla bağlı üzləşilən problemləri müzakirə edərək geniş fikir mübadiləsi aparıblar. Konkret sahələr üzrə əməkdaşlıq perspektivləri təhlil edilib. Xüsusi təqvim planına uyğun olaraq layihə çərçivəsində digər dövlət və ictimai qurumlarla müvafiq görüşlərin keçirilməsi davam etdiriləcək.

Qeyd edək ki, layihə 2025-ci ilə qədər icra ediləcək.

“Əlil Qadınlar Cəmiyyəti” İB. Mətbuat xidməti